REGİONLAR


Saatlıda payızlıq taxıl əkininə hazırlıq işləri başa çatıb

Saatlı, 20 sentyabr, Mahir Babayev, AZƏRTAC

Saatlıda payızlıq taxıl əkininə hazırlıq işləri başa çatıb, səpin kampaniyasına start verilib. İlk olaraq sahələrdə arpa səpini aparılır.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, saatlılı əkinçilər ötən ilin payızında 22 min 350 hektar sahədə taxıl əkiblər. Bunun da 3 min 436 hektarını arpa, 18 min 914 hektarını isə buğda sahələri təşkil edib. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 11 min 991 ton, buğda zəmilərindən isə 79 min 643 ton məhsul götürüblər. Arpa sahələrinin hər hektarının məhsuldarlığı 42,1, buğda sahələrinki isə 41 sentner olub. Fermerlər sahələrdən, ümumilikdə 91 min 635 ton taxıl götürərək hər hektarın məhsuldarlığını 41 sentnerə çatdırıblar.

Qazanılmış uğurları növbəti təsərrüfat ilində daha da artırmaq üçün rayonda səpin kampaniyasına ciddi hazırlıq işləri görülüb. Bu məqsədlə 17 min 224 hektar sahədə keyfiyyətli şum aparılıb, səpin aparılacaq sahələrə üzvi və mineral gübrə verilib. Fermerlər yüksək reproduksiyalı məhsuldar toxum sortları ilə təmin edilib. Səpin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün müxtəlif maşın-mexanizm, səpin aqreqatları, müxtəlif növ mallar fermerlərin ixtiyarına verilib.

Əhmədbəyli Kəndli Fermer Təsərrüfatının Rəhbəri Xanhüseyn Əhmədov ötən il əkdiyi 120 hektar buğda sahəsindən 602,4 ton, 30 hektar arpa sahəsindən isə 111 ton məhsul götürüb. Ümumi məhsuldarlıq 47,6 sentner olub. “Gələn il də yüksək məhsuldarlığa nail olmaq üçün səpin kampaniyasına ciddi hazırlıq işləri görmüşəm. Bir neçə günə arpa səpininə başlayacağam. Çalışacağam ki, səpini qısa müddətdə başa çatdırım”,-deyə fermer bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.