REGİONLAR


Saatlıda tədarük olunan pambığın 79 faizi maşınların köməyi ilə toplanılıb

Saatlı, 17 oktyabr, Mahir Babayev, AZƏRTAC 

Saatlıda pambıq yığımı sürətlə davam edir. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox – 41 min 813 ton məhsul istehsal edən rayonun “ağ qızıl” ustaları bu ildə yığımda öndə gedirlər. Hər gün sahələrdən 1165-1170 ton məhsul yığılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 2950 istehsalçı dörd şirkətlə müqavilə bağlayaraq 14 min 141 hektar sahədə pambıq əkib. Məhsul istehsalçılarına göstərilən hərtərəfli kömək və bitkinin becərilməsində aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Məhsul toplanışına vaxtında başlayan pambıqçılar indiyə qədər sahələrdən 20 min tondan çox pambıq yığıblar. Tədarük olunan pambığın 79 faizi maşınların köməyi ilə toplanıb. Yığılmış məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub.

Saatlıda pambıq əkini ilə məşğul olan qabaqcıl fermerlər çoxdur. Uzun illər pambıq əkini ilə məşğul olan, qabaqcıl pambıqçı Səyyaf Hüseynov hər il yüksək məhsuldarlığa nail olur. Sahibkar ötən il becərdiyi pambıq sahəsinin hər hektarından 35.1 sentner məhsul götürüb. Onun sahəsində bu ildə pambıq çoxdur. Fermer indiyədək əkdiyi 28 hektar sahədən 80 ton məhsul toplayıb.

“Yığım apardığım sahənin hər hektarından 30.8 sentnerdən çox məhsul götürmüşəm. Sahəmdə pambıq hələ çoxdur. Bu mövsüm plantasiyadan 120-130 tona yaxın pambıq götürəcəyimə əminəm. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən hərtərəfli dəstək bu sahə ilə məşğul olan fermerlərin pambıq əkininə olan marağını daha da artırıb, onlarda ruh yüksəkliyi yaradıb. Bundan həvəslənən əkinçilər hər il sahələrini daha da genişləndirirlər”, – deyə fermer bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.