REGİONLAR
Saatlılı fermerlər indiyədək 5 min 444 hektar sahəyə payızlıq taxıl səpiblər
Saatlı, 25 noyabr, Mahir Babayev, AZƏRTAC
Saatlıda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstrədiklərindən rayonda məhsul istehsalı ilbəil artır.
Rayon statistika idarəsindən AZƏRTAC–ın bölgə müxbirinə bildiriblər ki, saatlılı taxılçıları ötən ilin payızında 24 min 866 hektar sahələrdə taxıl əkiblər. Bunun 5 min 822 hektarını arpa, 19 min 44 hektarını isə buğda sahələri təşkil edib. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 21 min 751, buğda zəmilərindən isə 81 min 699 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən, ümumilikdə, 102 min 744 ton taxıl götürərək, hər hektarın məhsuldarlığını 41,3 sentnerə çatdırıblar.
Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazimi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 5 min 444 hektar sahədə səpin aparıblar ki, bunun da 2 min 436 hektarı buğda, 3 min 8 hektarı arpadır. Fermerlər səpin zamanı daha çox rayonlaşdırılmış məhsuldar sortlara üstünlük verirlər. Əkinçilər gün ərzində 200-250 hektar sahəyə toxum səpirlər.
Qeyd edək ki, saatlılı taxılçılar bu il 23 min hektardan çox sahədə payızlıq taxıl əkməyi planlaşdırırlar.