REGİONLAR
Saatlılı pambıqçılar sahələrdən 21 min tona yaxın məhsul toplayıblar
Saatlı, 22 oktyabr, Mahir Babayev, AZƏRTAC
Saatlılı pambıqçılar yığım başlayandan indiyə kimi sahələrdən 20 min 709 ton məhsul toplayıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 881 ton çoxdur. Tədarük olunan pambığın 15 min 500-16 min tonu maşınların köməyi ilə toplanıb. Məhsul istehsalçıları hər gün sahələrdən 450-470 ton məhsul yığaraq qəbul məntəqələrinə göndərirlər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm rayonda 15 min 815 hektar sahədə pambıq əkilib ki, bunun da 1120 hektarı Dədə-Qorqud kənd inzibati ərazi dairəsinin payına düşür. Ərazi dairəsində fəaliyyət göstərən 11 məhsul istehsalçısı bu günə kimi plantasiyalardan 2 min 500 ton pambıq toplayıblar. Fermerlərin dediyinə görə hələ sahələrdə məhsul çoxdur. Onlar mövsümün sonuna kimi daha 1000 ton pambıq toplaya biləcəklər.
Qabaqcıl fermer Sahil Ağayev ötən il əkdiyi 50 hektar sahənin hər hektarından 30 sentnerdən çox məhsul yığıb. Əkinçi bu il sahəsini daha da genişləndirib.
“Bu il 114 hektar sahədə pambıq əkmişəm. İndiyəcən sahədən 200 tondan çox məhsul toplamışam. Hər hektarın məhsuldarlığı 30 sentnerdən çox olur. Təxmini hesablamama görə bu il məhsulum 300 tondan çox olacaq”, - deyə fermer bildirib.
Qeyd edək ki, ötən il saatlılı pambıqçılar sahələrdən 25,5 min tondan çox pambıq toplayıblar.