REGİONLAR
Saatlının ümumtəhsil məktəblərini bitirən məzunlardan 23 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplayıb
Saatlı, 11 sentyabr, Mahir Babayev, AZƏRTAC
Saatlı şəhərində keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında 2017-2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr geniş müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Konfransda hesabat məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Seyidağa Kazımov bildirib ki, Azərbaycanda gedən hərtərəfli inkişaf prosesi təhsil sistemindən də yan ötməyib. Respublikada həyata keçirilən təhsil islahatının uğurla başa çatdırılmasında rayonda fəaliyyət göstərən bütün pedaqoji kollektivlər yaxından iştirak edir. Rayon üzrə 49 təhsil ocağı fəaliyyət göstərir. Yeni dərs ilində bu məktəblərdə 13 min 141 şagird təhsil alacaq və şagirdlərin təlim-tərbiyəsi ilə 1355 müəllim məşğul olacaq.
Diqqətə çatdırılıb ki, bu il ümumtəhsil məktəblərinin 11-ci sinfini bitirən şagirdlərdən 198 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Onlardan 24 nəfəri 500-dən yuxarı, 23 nəfəri isə 600-dən çox bal toplayaraq tələbə adını qazanıb.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Təhsilin inkişafı və onun beynəlxalq standartlara çatdırılması ilə bağlı həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan icra hakimiyyətinin başçısı rayonda bu istiqamətdə görülən işlər barədə məlumat verib. Bildirilib ki, son illər rayonda 6 məktəb binası tikilib istifadəyə verilib, 6 təhsil ocağı isə əsaslı təmir edilib. Hazırda Sarıcalar kənd tam orta məktəbində əsaslı təmir işləri aparılır.
Sonda 600-dən çox bal toplayan məzunlara və bir qrup qabaqcıl müəllimə qiymətli hədiyyələr və rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.