İQTİSADİYYAT
Sabah Bakıda “AZCLOUD Hackathon 2019” müsabiqəsi başlayacaq
Bakı, 27 avqust, AZƏRTAC
Avqusutn 28-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu və tərəfdaşlığı ilə keçirilən “AZCLOUD Hackathon 2019” müsabiqəsini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu müsabiqə zamanı iştirakçılar təxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gələcəklər. Həmçinin bu yarışmada iştirak bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də, investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün bir imkandır.
“AZCLOUD Hackathon 2019” müsabiqəsi üzrə qalib komanda 10 min AZN məbləğində pul mükafatı qazanacaq.
Qeydiyyat iyulun 1-dən başlayıb və yarışmanın veb-səhifəsindən (www.h.azcloud.az/reg) sorğular qəbul olunub.
Məlumat üçün deyək ki, “Hackathon”da iştirak etmək istəyənlər komanda formalaşdırır. Komandanın tərkibində kapitan da daxil olmaqla ən azı 3, maksimum isə 5 nəfər olmalıdır. Müsabiqə 3 mərhələdən ibarətdir. İlk mərhələdə qeydiyyat forması komanda kapitanı tərəfindən özü və bütün komanda üzvləri üçün doldurulur.
Daha sonra komanda xüsusi hazırlanmış kiçik bir tapşırığı yerinə yetirir ki, müsabiqədə iştirak etmək hüququ qazansın. Bu mərhələni keçən komandalara onlar üçün hazırlanmış tapşırıq haqqında ətraflı məlumat verilir. Komandalar tapşırığın yerinə yetirilməsi üzərində işləyir və sonda komandalar öz işlərini izahlı təqdimat şəklində təqdim edir.
Qeyd edək ki, bu il “AZCLOUD Hackathon 2019" Avropanın ən böyük idman arenalarından biri olan, 68 min 700 tamaşaçı tutumlu və UEFA, FIFA və ESSMA-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilmiş Bakı Olimpiya Stadionunda baş tutacaq.
Müsabiqə zamanı texniki tapşırıq üzrə işlərin rahat həyata keçirilməsinə görə hər komanda üçün otaq (SkyBox) ayrılıb və yarışma ərzində komandalar qida ilə təmin olunur.
“Hackathon” proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir.