REGİONLAR
Sabah Gəncədə 3 min 211 abituriyent imtahan verəcək
Gəncə, 25 iyul, Rauf Hacıyev, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 26-da 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
DİM-in Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib.
İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün stasionar metal axtaran aparatlar, imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən olunması üçün barkod-skanerlər quraşdırılıb.
Nəsimi Məmmədov deyib ki, imtahan mərkəzlərində təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl, yəni bu gün DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək. Bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.
Altı binada 3 min 211 abituriyentin iştirakı ilə keçiriləcək imtahanların idarə olunmasına 21 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 244 nəzarətçi-müəllim cəlb olunacaq.
Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri bildirib ki, bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 18-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11-də başlanacaq və üç saat davam edəcək. Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda, DİM-in internet saytında və “Facebook” səhifəsində veriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 2-3 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.