MƏDƏNİYYƏT
Sabah Qoruq İdarəsinin tabeliyində fəaliyyət göstərən muzeylərə giriş ödənişsiz olacaq
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edir.
Qoruq İdarəsindən AZƏRTAC-a bildiriblər ki, “açıq qapı” günündə paytaxt sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi, “Müqəddəs əmanətlər” ekspozisiyası, habelə “Qala” qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Əntiq əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, muzeylər saat 10.00-dan 19.00-dək fəaliyyət göstərəcək.