CƏMİYYƏT
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq
Bakı, 10 iyul, AZƏRTAC
Ölkə ərazisində iyulun 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24°, gündüz 30-35° isti, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı- 755 millimetr civə sütunundan 752 millimetr civə sütununa enəcək, nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 11-dən başlayaraq 12-si günün birinci yarısınadək Abşeron yarımadasında atmosfer təzyiqi 755 millimetr civə sütunundan 750 millimetr civə sütununadək enəcək. Mülayim cənub-şərq və cənub küləyi fonunda havanın nisbi rütubətliliyinin artacağı müşahidə olunacaq ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 32-37° isti olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-24°, gündüz 30-35° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacaq.