CƏMİYYƏT
Sabah bəzi bölgələrdə leysan yağacaq, dolu düşəcək
Bakı, 28 avqust, AZƏRTAC
Ölkə ərazisində avqustun 29-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22°, gündüz 28-31° isti, Bakıda gecə 18-20°, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-35 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı şimal və qərb rayonlarında leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 29-da Abşeron yarımadasında mülayim şimal küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 30-35° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində gün ərzində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 16-21°isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 25-30° isti, dağlarda gecə 7-12°, gündüz 18-23° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində gün ərzində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 17-20°, gündüz 25-30° isti, dağlarda gecə 14-16°, gündüz 20-25° isti olacağı ehtimalı var.