CƏMİYYƏT


Sabah dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Bakı, 17 aprel, AZƏRTAC 

Ölkə ərazisində aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11°, gündüz 12-15° isti, Bakıda gecə 9-11°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 13-18° isti, dağlarda gecə 0-4°, gündüz 5-9° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 12-17° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman müşahidə ediləcək. Arabir sürətlənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 5-9° isti olacağı ehtimal edilir.

Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10°, gündüz 12-17° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman müşahidə ediləcək. Arabir sürətlənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı bildirilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində əsasən səhər və axşam şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 13-18° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-12°, gündüz 14-17° isti, dağlarda gecə 4-7°, gündüz 7-10° isti olacağı ehtimalı var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.