CƏMİYYƏT
Sabah əksər bölgələrdə yağış, bəzi rayonlarda qar yağacaq
Bakı, 12 dekabr, AZƏRTAC
Ölkə ərazisində dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7°, gündüz 10-13°, Bakıda gecə 5-7°, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 763 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Axşama doğru yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-7° isti olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərinin, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində yağış yağacağı ehtimal edilir. Gündüz yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 8-12° isti, dağlarda gecə 0-3° isti, gündüz 4-8° isti olacaq.