CƏMİYYƏT
Sabah hava əsasən yağmursuz olacaq
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycanda martın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6°, gündüz 9-12° isti, Bakıda gecə 4-6°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 749 millimetr civə sütunundan 756 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-5°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı ehtimalı var.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Xəbərdarlığa görə, martın 3-də əsasən şimal və qərb rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı proqnozlaşdırılır. Yağışın bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, gündüz ayrı-ayrı yerlərdə arabir saniyədə 23-28 metrədək güclənəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı ehtimalı var.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 8-13° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 9-14° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-8° isti olacağı bildirilir.