CƏMİYYƏT
Sabah hava yağmursuz olacaq
Bakı, 3 yanvar, AZƏRTAC
Azərbaycanda yanvarın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-12° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaq. Qərb küləyi gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.