İDMAN
“Sabah” klubu Türkiyədə dörd yoxlama oyunu keçirəcək
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Premyer Liqasında debüt edəcək “Sabah” futbol klubu yeni mövsümə hazırlığı davam etdirir.
AZƏRTAC xəbər verir ki, komanda 3 mərhələdən ibarət hazırlığın ilk hissəsini “Əlincə Arena”da keçirir. Toplanışın birinci mərhələsinə iyulun 2-də yekun vurulacaq. İlkin hazırlıq mərhələsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. İyunun 30-na planlaşdırılan görüşdəki rəqib hələ ki, bəlli deyil.
Paytaxtda davam edəcək ikinci hazırlıq mərhələsi iyulun 2-15-də təşkil olunacaq. “Sabah” hazırlığın bu mərhələsində iyulun 7-də “Səbail”, dörd gün sonra “Sumqayıt”, iyulun 14-də isə “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq.
Toplanışın üçüncü hissəsi isə iyulun 16-dan 29-dək Türkiyənin Bolu şəhərində keçiriləcək. Qonşu ölkədəki təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi yaxın günlərdə müəyyənləşəcək.