CƏMİYYƏT
Sabah ölkə ərazisində 33 dərəcə isti olacaq
Bakı, 24 may, AZƏRTAC
Ölkə ərazisində mayın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19°, gündüz 23-28° isti, Bakıda gecə 17-19°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 760 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 25-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 28-33° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 28-33° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 16-21° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 25-30° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 23-28° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 28-33° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 26-31° isti, dağlarda gecə 10-15°, gündüz 20-24° isti olacağı ehtimalı var.