CƏMİYYƏT
Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq
Bakı, 3 yanvar, AZƏRTAC
Azərbaycanda yanvarın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4°, gündüz 8-10° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 4-ü axşamdan 5-i səhərədək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 2-6° şaxta, dağlıq ərazilərdə 10-16° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 3-8° isti olacağı ehtimalı var.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 6-10° şaxta olacağı bildirilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 0-3°, gündüz 9-14° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.
Respublikanın bölgələrində qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.