CƏMİYYƏT
Sabah ölkə ərazisində havanın yağıntılı olacağı proqnozlaşdırılır
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7°, gündüz 8-12° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında gün ərzində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi şimal və şərq rayonlarında intensiv olacağı proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 25-i gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında gün ərzində havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 5-10° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gün ərzində arabir qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.
Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 7-11° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 6-10° isti, dağlarda gecə 5-8°, gündüz 0-5° şaxta olacağı bildirilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində gündüz yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 10-15° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində gündüz yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 8-12° isti, dağlarda gecə 3-6°, gündüz 6-8° isti olacağı ehtimalı var.
Sinoptiklərin məlumatına görə, fevralın 25-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.