İQTİSADİYYAT
Sabahdan 217 nömrəli marşrut xətti üzrə avtobuslarda gediş haqqı “BakıKart”la ödəniləcək
Bakı, 7 iyul, AZƏRTAC
Sabahdan 217 nömrəli marşrut xətti (“Koroğlu” NMM – “Yanardağ” Məhəmmədi qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, paytaxtın marşrut şəbəkəsində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir. Nağdsız ödəniş sisteminə keçidin, sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edərək bildiririk ki, “BakıKart”a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.
İyulun 8-dən 217 nömrəli marşrut xətti (“Koroğlu” NMM– “Yanardağ” Məhəmmədi qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə Babək küçəsi 336, (Zabrat qəsəbəsi) Oktyabr küçəsi, (Zabrat qəsəbəsi) Sadiq Cəfərov küçəsi 26, Sabunçu qəsəbəsi, (şəhər şosesi) Abşeron rayonu üzrə Çingiz Mustafayev küçəsi 13 (Məhəmmədi qəsəbəsi) Məmmədili qəsəbəsi ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
Dövlət başçısının tapşırığına uyğun olaraq son 5 ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 minədək sərnişinin (ümumi sərnişinlərin 42 faizi) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.