ELM VƏ TƏHSİL


Sabahdan DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq

Bakı, 30 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 30-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

Ümumilikdə 15 şəhər və rayonda keçirilən imtahanların təşkili üçün ümumilikdə 81 imtahan binası, 1343 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 220 imtahan rəhbəri, 1666 nəzarətçi–müəllim, 161 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 81 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 2 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Mayın 1-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.