İQTİSADİYYAT
Sabahdan “Koroğlu” metro stansiyasının aeroport istiqamətində olan çıxışındakı dayanacaq ləğv ediləcək
Bakı, 20 aprel, Elvin Camalov, AZƏRTAC
Aprelin 21-dən “Koroğlu” metro stansiyasının aeroport istiqamətində olan çıxışındakı dayanacaq ləğv ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasına başlanılıb. Bununla əlaqədar “Koroğlu” metro stansiyasının aeroport istiqamətində olan çıxışındakı dayanacaq ləğv edilir və “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) ətraf kənd və qəsəbələrə hərəkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər. Artıq bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib.
Həmçinin “28 May” – hava limanı istiqamətində hərəkət edən “Ekspress” avtobuslar da sabahdan Milli Gimnastika Arenasının qarşısında dayanacaq.