ELM VƏ TƏHSİL


“Sabahın alimləri” VIII Respublika müsabiqəsi davam edir

Bakı, 13 fevral, AZƏRTAC

“Sabahın alimləri” VIII Respublika müsabiqəsi davam edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin ikinci günü – fevralın 13-də nazirliyin əməkdaşları tərəfindən münsiflər heyətinin üzvləri üçün təlim keçirilib.

Münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi aparılacaq, eyni zamanda, müsabiqənin Təlim Akademiyası fəaliyyət göstərəcək. “Açıq qapı” saatlarında Bakı şəhərindəki məktəblərin şagirdləri və müəllimləri, eləcə də media nümayəndələri layihələrlə tanış olacaqlar. Həmçinin ABŞ-da keçiriləcək Intel ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədlər müəyyənləşdiriləcək.

Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Ümumilikdə müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529-u müxtəlif mükafatlara layiq görülüb.

Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaqdır. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

Bu il müsabiqəyə 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə üzrə 311 şagird buraxılıb. İştirakçıların 83 nəfəri IX, 120-si X, 108-i XI sinif şagirdidir. Müsabiqə iştirakçılarının 173-ü oğlan (55,6 faiz), 138-i (44,4 faiz) isə qızdır. Layihələrdən 63-ü fərdi, 124-u isə kollektiv işlənilmiş layihələrdir. Müsabiqəyə vəsiqə qazanmış layihələr sırasında mühəndislik kateqoriyası üstünlük təşkil edir (38 layihə).

Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq. Ən yaxşı layihələrin qalibləri ABŞ-da hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin qatıldığı Intel ISEF-də iştirak edəcəklər. İndiyədək qaliblər sırasından seçilən 41 ən yaxşı layihənin müəllifləri 1 dəfə bu müsabiqənin əsas mükafatlarından birini, 5 dəfə isə xüsusi mükafatları, o cümlədən Beynəlxalq Tətbiqi Geofizika Cəmiyyətinin, UNESCO-nun nəzdində Ukrayna Milli Mərkəzi-Kiçik Elmi Akademiyasının, Qətərin Tədqiqatlar və İşləmələr Fondunun, Orakl Akademiyasının mükafatlarını alıblar.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə reallaşdırılır.

“Sabahın alimləri” VIII Respublika müsabiqəsi fevralın 14-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.