ELM VƏ TƏHSİL
“Sabahın alimləri” VIII Respublika müsabiqəsi üzrə 322 layihə qeydiyyatdan keçib
Bakı, 7 yanvar, AZƏRTAC
“Sabahın alimləri” VIII Respublika müsabiqəsində iştirak etmək üçün onlayn qeydiyyat başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak etmək üçün 140 məktəbdən 513 şagird, 322 layihə qeydiyyatdan keçib.
Qeydiyyatdan keçən şagirdlərin sənədlərinin qəbulu yanvarın 10-dək uzadılıb. Elmi Ekspertiza Komitəsi tərəfindən layihələr yoxlanılacaq və müsabiqəyə layiq görülən layihələrin siyahısı http://sabahinalimleri.edu.az/ internet səhifəsində açıqlanacaq.
“Sabahın alimləri” VIII Respublika müsabiqəsi fevralın 12-dən 14-dək keçiriləcək. Müsabiqənin keçirilməsinin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyili olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən Intel ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etməkdir.
Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.