ELM VƏ TƏHSİL
“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 17 fevral, P.İmanova, AZƏRTAC
Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “İntel” şirkəti tərəfindən birgə təşkil olunan “Sabahın alimləri” altıncı respublika müsabiqəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, fevralın 17-də AMEA-nın əsas binasında müsabiqənin yekununa həsr olunan tədbir keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov “Sabahın alimləri” müsabiqəsinə ildən-ilə marağın artdığını, təqdim olunan layihələrin daha innovativ və yaradıcı olduğunu bildirib, elm və təhsil müəssisələri arasında əlaqələrin qurulmasının vacibliyini vurğulayıb. Bildirilib ki, “Sabahın alimləri” müsabiqəsində ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil məktəblərində təhsil alan 202 şagird 125 elmi layihə ilə iştirak edib. IX-XI sinif şagirdlərinin qatıldıqları müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərdən ibarət münsiflər heyəti yaradılıb. Müsabiqənin təşkilinin əsas məqsədi şagirdlərə tədqiqat aparmaq, elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından ABŞ-da hər il keçirilən Intel ISEF- Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
Qeyd edilib ki, müsabiqəyə təqdim olunan layihələr münsiflər heyəti tərəfindən səkkiz nominasiya üzrə qiymətləndirilib.
Sonra I, II, III yerlərin qaliblərinin və bu ilin mayında ABŞ-da keçiriləcək İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək layihə müəlliflərinin adları açıqlanıb. Layihələrin müəllifləri Bakı Avropa, Şirvan İstək, 291 nömrəli Ekologiya və 299 nömrəli məktəb-liseylərin şagirdləridir.
Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.