ELM VƏ TƏHSİL


“Sabahın alimləri” müsabiqəsinin qaliblərinə medallar təqdim edilib

Bakı, 7 dekabr, AZƏRTAC

“Sabahın alimləri” X respublika müsabiqəsinin qaliblərinə finalçı medalları təqdim olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təqdimetmə mərasimində nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli şagirdləri qazandıqları müvəffəqiyyət münasibətilə təbrik edib və onlara yeni uğurlar arzulayıblar.

Bildirilib ki, müsabiqə mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq fevralın 10-17-də onlayn şəkildə keçirilib. Müsabiqə İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunub.

“Sabahın alimləri” X respublika müsabiqəsinin qalibləri sırasından seçilmiş 7 layihə ilə 10 şagird Azərbaycanı ABŞ-da keçirilən İSEF sərgisində onlayn təmsil edib. Şagirdlər müsabiqədə müvəffəqiyyətlə iştirak edərək münsiflər tərəfindən yüksək qiymətləndirilib və finalçı medallarına layiq görülüblər.

Mərasimin sonunda medallar təqdim edilib.

Qeyd edək ki, müsabiqədə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Rafiq Qasımov riyaziyyat üzrə “Triqonometriyanın köməyi ilə bəzi cəbri misalların həlli”, Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksinin XI sinif şagirdi Emin Xəlifəyev fizika üzrə “İon birləşmələrinin dayanıqlılığının və daha sıx materialların nisbi mexaniki xüsusiyyətlərinin araşdırılması”, Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin X sinif şagirdləri Tamilla Süleymanova və Rəfsan Həbibullayev biologiya üzrə “Ximer RNT-lər və zülallar”, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin IX və XI sinif şagirdləri Murad Məmmədzadə və Banuçiçək Kərimli tibb və sağlamlıq üzrə “Speech synthesizer”, Bakı Avropa Liseyinin X sinif şagirdi Faiq Qasımov tibb və sağlamlıq üzrə “NİRS-neonatal qıcolmaların diaqnostikasında innovativ yanaşma", nazirliyin tabeliyindəki Akademik Zərifə Əliyeva adına Liseyin IX sinif şagirdi Məhəmməd Abbaslı mühəndislik üzrə “Army Bot”, Bakı şəhəri 260 nömrəli tam orta məktəbin və Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin X sinif şagirdləri İlkin Səmədov və Əli Akif Əkbərzadə kompüter elmləri üzrə “Tədrisdə virtual laboratoriyanın yaradılması və onun tətbiqi” layihələri ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.