REGİONLAR


“Sabahın tədqiqatçıları-2022”: şagirdlər alimlərlə birlikdə cari tədris ilində də elmi-tədqiqat aparacaqlar

Naxçıvan, 26 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları-2022” layihəsinə start verilib. Bununla bağlı şagirdlərlə görüş keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən muxtar respublikanın Təhsil naziri Rəhman Məmmədov “Sabahın tədqiqatçıları” layihəsinin əhəmiyyəti və görülən işlərdən danışıb. Vurğulayıb ki, layihə çərçivəsində AMEA Naxçıvan Bölməsinin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə götürərək onlarla birgə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan layihələr üzrə tədqiqatlar aparıb. Bu layihədə, ümumilikdə, 95 şagirdin iştirakı ilə 53 layihə üzrə tədqiqat aparılıb.

Vurğulanıb ki, bu günədək layihə iştirakçılarından biri beynəlxalq müsabiqədə qazandığı uğura görə adı Gənc İstedadların “Qızıl kitabı”na yazılıb və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb. Layihənin digər iştirakçılarından biri isə “Sabahın alimləri” respublika müsabiqəsində III yerə layiq görülüb. Bundan əlavə, beynəlxalq müsabiqələrdə 6 layihə I, 4 layihə II, 6 layihə isə III yerə layiq görülüb.

Nazir qeyd edib ki, “Sabahın tədqiqatçıları” layihəsinin uğurlu tətbiqi üçün bu il də Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəbləri pilot məktəblər olaraq müəyyənləşdirilib, layihədə iştirak edəcək 50 şagird 5 istiqamət üzrə tədqiqat aparacaq.

Təqdimatda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, “Sabahın tədqiqatçıları” layihəsi qısa müddətdə icra olunmasına baxmayaraq, bir sıra uğurlar qazanıb. Tədqiqat aparılan layihələrin 30-dan çoxu beynəlxalq və respublika səviyyəli konfrans, tədbir və mətbuat orqanlarında işıqlandırılıb. Hətta həmin layihələrdən biri – Surə Rəhimovanın rəhbərlik etdiyi layihə “Sabahın alimləri” X Respublika müsabiqəsində uğur qazanaraq, III yeri tutub. Bundan əlavə, 15-dən artıq alimin rəhbərlik etdiyi layihələr müxtəlif müsabiqələrdə medal, diplom, sertifikat və fəxri fərmanlara layiq görülüb.

Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova “Sabahın tədqiqatçıları” layihəsi - uğur və vəzifələr”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucovanın “Sabahın tədqiqatçıları” layihəsinin əhəmiyyəti və layihənin uğurları” haqqında çıxışları dinlənilib.

Sonra videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.