REGİONLAR
“Sabahın tədqiqatçıları” layihəsi şagirdlərin elmi və ictimai fəallığının artırılmasında xüsusi rol oynayır
Naxçıvan, 2 mart, AZƏRTAC
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Sabahın tədqiqatçıları” birgə layihəsi çərçivəsində “Əyləncəli kimya” adlı tədbir təşkil edilib.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bölmənin Təbii Ehtiyatlar İnstitutunda keçirilən tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev bilik yarışlarının şagirdlərin elmi və ictimai fəallığının artırılmasında xüsusi əhəmiyyəti olduğunu bildirib.
“Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları kimya elminin tarixi, kimyəvi elementlərin dövri sistemi, Azərbaycanda kimya sənayesinin inkişafı, eləcə də Şıxbala Əliyev, İzzət Orucova, Yusif Məmmədəliyev, Rəfiqə Əliyeva kimi tanınmış kimyaçı alimlərin həyatı və elmi fəaliyyəti haqqında danışıblar.
Daha sonra muxtar respublika məktəblilərinin kimya fənni üzrə bilik səviyyələrini yoxlamaq məqsədilə viktorina keçirilib.
Tədbirin “Əyləncəli kimyəvi reaksiyalar” rubrikasında məktəblilər laboratoriya şəraitində öyrəndikləri maraqlı kimyəvi reaksiyaları iştirakçılara təqdim edib, onların aparılma qaydası və elmi izahı haqqında məlumat veriblər.
Sonda çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Sabahın tədqiqatçları” layihəsinin şagirdlərin dünyagörüşünün formalaşdırılmasında, elmi yeniliklərin öyrənilməsi və praktikaya tətbiqində oynadığı roldan danışıb. Akademik tədbirin təşəbbüskarı, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayevaya və çalışqanlıq nümayiş etdirən muxtar respublika məktəblilərinə faydalı fəaliyyətlərində uğurlar arzulayıb, tövsiyələrini bildirib.
Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov öz çıxışında “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində böyük irəliləyişlərin qeydə alındığını bildirib. Muxtar respublikadakı bütün təhsil müəssisələrində hərtərəfli şəraitin mövcud olduğunu diqqətə çatdıran Ovni Muradov qeyd edib ki, belə tədbirlərin keçirilməsi gələcək tədqiqatçıların yetişməsində xüsusi əhəmiyyət kəsb edir.
Sonda fəallıq göstərən şagirdlər sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.