ELM VƏ TƏHSİL
Sabahkı sınaq imtahanları üçün 312 nəzarətçi-müəllim ayrılıb

Bakı, 12 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən fevralın 13-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə təşkil olunacaq sınaq imtahanında iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 3212 abituriyent qeydiyyatdan keçib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahanların idarə edilməsi üçün 39 imtahan rəhbəri, 312 nəzarətçi-müəllim, 18 ümumi imtahan rəhbəri ayrılıb. İmtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında həyata keçirilir.
Göstərilən sənədlərdən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.