SİYASƏT
Sabir Rüstəmxanlı: Siyasi partiyalar taleyüklü məsələlərdə hər zaman həmrəylik nümayiş etdiriblər
Bakı, 18 iyun, AZƏRTAC
Ölkədə fəaliyyət göstərən siyasi partiyaların Şuşa Bəyannaməsi ilə bağlı bir bəyanat yayması təqdirəlayiq haldır. Hansı partiyanı təmsil etməyimizdən asılı olmayaraq, milli maraqlar bizim üçün birinci yerdədir. Başqa məsələlərdə partiyalar arasında fikir ayrılığı ola bilər, amma milli maraqlara söykənən məsələlərdə bu, belə deyil. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar taleyüklü məsələlərdə hər zaman həmrəylik nümayiş etdiriblər və bu dəfə də belə oldu.
Bunu AZƏRTAC-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.
Partiya sədri diqqətə çatdırıb ki, siyasi partiyalar hələ 44 günlük Vətən müharibəsi dönəmində həmrəyliklərini nümayiş etdiriblər. Müharibə dövründə hakimiyyətlə siyasi partiyalar arasında dialoqun başlaması və 50 partiya rəhbərinin bir araya gəlməsi önəmli hadisədir. İqtidara yaxın və müxalifət düşərgəsindən olan partiyaların bir araya gəlməsi ölkədə sağlam siyasi mühitin formalaşmasının təzahürüdür. Ermənistanın təcavüzü və Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq təşkilatlara birgə müraciət olundu. Birgə bəyanatlarımızda ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən ölkələrə, qurumlara və təşkilatlara iradımızı bildirdik. Biz milli ideologiyamızın varlığını, iradəli siyasi mövqeyimizi ortaya qoyduq. Bu, həm də ölkədə daxili siyasi birliyin olmasının göstəricisi idi.
S.Rüstəmxanlının sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Şuşada olması və Milli Məclisdə çıxış etməsi, Şuşa Bəyannaməsinin imzalanması çox mühüm tarixi hadisələrdir və siyasi partiyalar tərəfindən birmənalı şəkildə müsbət qarşılanıb. Siyasi partiyalar bu hadisələrin mühüm tarixi əhəmiyyətini qeyd edirlər. Rəcəb Tayyib Ərdoğanın Azərbaycan parlamentində çıxışı onu göstərir ki, ölkələrimiz arasında münasibətlərin yeni dövrü başlayır.
“Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq əlaqələrinin inkişafının yeni dövrə qədəm qoyması, regionda sülhün, təhlükəsizliyin və əmin-amanlığın təminatı baxımından çox faydalıdır. Qars müqaviləsində Naxçıvanın təhlükəsizliyi təmin olunurdusa, Şuşa Bəyannaməsi bütöv Azərbaycanın təhlükəsizliyinin qarantıdır. Siyasi partiyaların bir araya gələrək bu mühüm milli məsələdə öz mövqeyini bildirməsi və birgə bəyanat yayması həmrəyliyimizin təcəssümüdür. Çünki belə bir mühüm sənədə münasibət bildirmək siyasi baxışlarından asılı olmayaraq, hər birimizin borcudur. Bir sözlə, bu məsələyə etinasız yanaşmaq siyasi cahillikdən başqa bir şey deyil və vətəndaşlıq duyğusunun itirilməsi deməkdir. Bu məsələdə hər hansı siyasi partiya kənarda qalırsa, demək ki, vətəndaşlıq duyğusunu və vətəndaşlıq mövqeyini itirib”, - deyə Sabir Rüstəmxanlı fikirlərini yekunlaşdırıb.