REGİONLAR
Sabir satiraları müsəlman Şərqində intibahın, oyanışın real təzahürü idi
Şamaxı, 31 may, AZƏRTAC
Şamaxıda görkəmli şair, satira ustası Mirzə Ələkbər Sabirin doğum günü münasibətilə növbəti ənənəvi “Sabir poeziya günləri” keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ziyalılarının, sabirsevərlərin qatıldığı tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, “Sabir poeziya günləri” təşkilat komitəsinin sədri Əjdər Ol, Yazıçılar Birliyinin üzvü şair Əhməd Qəşəmoğlu, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Əməkdar Artist Ağalar Bayramov və respublikanın tanınmış şair və yazıçıları, həmçinin Cənubi Azərbaycandan gələn qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi rəhbərin xatirəsini anıblar.
Sonra M.Ə.Sabirin və S.Ə.Şirvaninin qəbirüstü abidələri ziyarət olunub.
Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə şair Əjdər Ol hər il ənənəvi keçirilən “Sabir poeziya günləri”nin önəmindən danışıb.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Sabir poeziya bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi Mirzə Ələkbər Sabirə göstərilən dövlət qayğısından, ustad sənətkara olan sonsuz ehtiramdan bəhs edib.
AYB-nin sədri, Xalq Yazıçısı Anar 1961-ci ildən başlayaraq hər il şairin doğum günündə keçirilən “Sabir poeziya günləri”nin əhəmiyyətini qeyd edərək, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi Mirzə Ələkbər Sabirə xalq məhəbbətindən söz açıb.
Tədbirdə AYB-nin üzvü şair Əhməd Qəşəmoğlu, AYB-nin katibi Rəşad Məcid, Cənubi Azərbaycandan olan şair Sayman Aruz və digər qonaqlar çıxış edərək, görkəmli satira ustasının çətin həyat yolundan, yaradıcılığından danışıb, onun satiralarını müsəlman Şərqində bir intibah, oyanış kimi qiymətləndiriblər. Natiqlər Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının şeirlərinin hər zaman aktual olduğu diqqətə çatdırıb, onun şeirlərinin Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu vurğulayıblar.
Şairin nəvəsi Sevda Tahirli, qiraət ustası, Əməkdar Artist Ağalar Bayramov Mirzə Ələkbər Sabirin şeirlərindən nümunələr səsləndiriblər.
Sonda incəsənət ustaları xalq mahnıları, muğamlar, habelə aşıq mahnıları ifa ediblər.