CƏMİYYƏT
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının koronavirus xəstəsinin qohumundan rüşvət alan şöbə müdiri həbs olunub
Bakı, 23 aprel, AZƏRTAC
Sabirabad rayonunun Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVID-19) yoluxan və stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun rayon mərkəzi xəstəxanasına yerləşdirilməsi müqabilində xəstəxananın Fazil adlı həkiminin 1000 ABŞ dolları məbləğində pul alması barədə rayon prokurorluğuna müraciəti daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış araşdırmalarla Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicəsi üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlunun koronavirus infeksiyasına (COVID-19) yoluxmuş şəxsin həmin xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün onun qohumundan 1000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində aldığı, sonradan isə həmin xəstənin müalicə olunduğu xəstəxanada vəfat etdiyi müəyyənləşdirilib.
Toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Aprelin 23-də Fazil Əliyev həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.