CƏMİYYƏT
Sabirabad gənc könüllüləri pandemiyaya qarşı mübarizə tədbirlərini davam etdirirlər
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı “Bir-birimizi qoruyaq!” kampaniyasına həvəslə qoşulan Sabirabad rayonunun gənc könüllüləri sakinlər arasında ictimai maarifləndirmə tədbirlərini davam etdirirlər.
AKƏM-dən AZƏRTAC-a bildiriblər ki, bu kampaniya çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən Sabirabad rayonunun müxtəlif ərazilərində vətəndaşlar arasında maarifləndirmə işləri aparılıb və onların əlləri dezinfeksiya edilib, rayon sakinlərinə əlcək və maska paylanıb. Eyni zamanda bankların, poçt məntəqələrinin qarşısında növbə sisteminin yaradılması və sosial məsafənin saxlanılması ilə bağlı könüllülər tərəfindən işlər görülməkdədir.
Sosial kampaniya hazırda rayon ərazisində davam etdirilir. Qoruyucu ləvazimatlarla yanaşı, sakinlərə maarifləndirici flayerlər verilir. Həmin flayerlərdə COVID-19 pandemiyasından qorumaq üçün faydalı tövsiyələr yer alıb.