MƏDƏNİYYƏT
Sabirabad rayon Mədəniyyət Mərkəzində növbəti tədbir qadınlara həsr edilib
Bakı, 7 mart, AZƏRTAC
Sabirabad rayon Mədəniyyət Mərkəzində Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 8 mart- Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə idarənin tabeliyində olan müəssisələrin nümayəndələri, dərnək üzvləri və tələbələr iştirak ediblər.
Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov bu gün münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Bildirib ki, hər bir cəmiyyətin inkişaf səviyyəsi qadına olan münasibətlə sıx bağlıdır. Azərbaycanda qadın adı həmişə uca tutulub, ona böyük ehtiram göstərilib. Qeyd edilib ki, qadın şəxsiyyətinə böyük hörmətlə yanaşan ümummilli lider Heydər Əliyev ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyub. Bu gün də Azərbaycan qadınları müstəqil respublikamızın ictimai - siyasi həyatının bütün sahələrində əzmlə çalışırlar. Sonra Sabirabad rayon Mədəniyyət Mərkəzinin Şəhər Yaradıcılıq Klubunun “Kür-Araz” instrumental ansamblı tərəfindən səsləndirilən mahnıların sədaları tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Sonda rayonun ictimai-siyasi və mədəni həyatında fəal rolu olan qadınlara hədiyyələr təqdim olunub.