REGİONLAR
Sabirabadda 450 hektardan artıq əkin sahəsinin su təminatı yaxşılaşacaq VİDEO
Sabirabad, 28 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayonunun Qaratəpə kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması davam edir. Bu məqsədlə kəndin əkin sahələrinin suvarılmasında uzun illər istifadə olunan və artıq istismar müddətini tamamlamış “Qaragöz latok 1” kanalı yeni novlarla əvəz olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə “latok 1” kanalı əsaslı şəkildə yenidən qurulur. Bu kanal hesabına 450 hektardan artıq əkin sahəsinin su təminatı yaxşılaşacaq. Bununla da suvarmada ən böyük problemlərdən olan su itkisinin qarşısı alınacaq. Təsərrüfat sahibləri və fermerlər əkin sahələrini daha səmərəli suvara biləcəklər.
“Qaragöz latok 1” kanalının ümumi uzunluğu 3 min 725 metrdir. Bu kanalın yeni novlarla əvəz edilməsinə ötən il başlanılıb. Proses üç mərhələdə həyata keçirilib. Birinci mərhələdə 1,1 kilometr, ikinci mərhələdə 1,3 kilometr, üçüncü - yəni hazırkı mərhələdə isə 400 metr hissə əsaslı şəkildə yenidən qurularaq təsərrüfat sahiblərinin istifadəsinə veriləcək. Kanalın əsaslı şəkildə yenidən qurulmuş hissəsində ümumilikdə 7 hidrotexniki qurğu fəaliyyət göstərəcək. Yeni nov kanalın əvvəlkindən daha bir üstünlüyü isə suötürmə qabiliyyətinin yüksək olmasıdır.
Qeyd edək ki, Qaratəpə kəndində təsərrüfat sahiblərinin suvarma suyuna əlçatanlığının təmin edilməsi məqsədilə görülən işlər bununla yekunlaşmır. Belə ki, “Qaragöz latok 1” kanalını suvarma suyu ilə təmin edən “Qaragöz” kanalı da lildən təmizlənilir.
Ümumilikdə, 10 kilometr uzunluğu olan “Qaragöz” kanalının artıq böyük bir hissəsində bu işlər tamamlanıb. Yaxın vaxtlarda isə kanalın tam olaraq lildən təmizlənməsi yekunlaşacaq.