REGİONLAR
Sabirabadda 487 obyektdə profilaktiki, 187 obyektdə isə məcburi dezinfeksiya işləri aparılıb
Bakı, 18 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Sabirabad Rayon Baytarlıq İdarəsi tərəfindən 2018-ci ildə fərdi və fermer təsərrüfatlarına məxsus 487 obyektin 18500 kvadratmetr ərazisində profilaktiki dezinfeksiya, 187 obyektin isə 11000 kvadratmetr ərazisində məcburi dezinfeksiya işləri aparılıb. Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a Dövlət Baytarlıq Xidmətindən məlumat verilib.
Bildirilib ki, qışlamaya hazırlıq ilə əlaqədar rayonun heyvandarlıq təsərrüfatlarına baytarlıq baxışı keçirilərək fermerlər arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri aparılır. Eləcə də baytarlıq idarəsində vətəndaşların şikayət, ərizə və təklifləri barədə ayrıca kitab tərtib edilib, gündəlik qəbul edilən məlumatlar aidiyyəti üzrə baytarlıq idarəsinin mütəxəssisləri və sahə baytarlıq məntəqə həkimləri tərəfindən yerindəcə araşdırılaraq zəruri tədbirlər görülür.
“Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun olaraq, rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.
Sabirabad Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkarlamaq, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə 26017 baş iribuynuzlu və 4793 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Həmçinin cari ilin ötən dövründə iribuynuzlu, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, infeksion nodulyar dermatit, leptospiroz, çiçək, bruselyoz, quduzluq, ev quşları arasında nyukasl xəstəliklərinə qarşı “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Hazırda Sabirabad Rayon Baytarlıq İdarəsində 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini təmin etmək məqsədilə hazırlıq işlərinə start verilib.