REGİONLAR
Sabirabadda “Aşıq ədəbiyyatının zirvəsi” adlı onlayn tədbir
Sabirabad, 16 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə “Aşıq ədəbiyyatının zirvəsi” adlı onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirin aparıcısı, Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında məlumat verərək tədbiri açıq elan edib. Daha sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Azərbaycan Aşıqlar Birliyinin sədri, folklorşünas alim Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Füzuli Bayat və digər alimlər çıxış edərək, Aşıq Ələsgərin Azərbaycan aşıq sənətinin inkişafındakı xidmətlərindən söhbət açıblar.
Həm məzmun, həm forma rəngarəngliyi baxımından Aşıq Ələsgərin Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərməsinin danılmaz fakt olduğu diqqətə çatdırılıb.