REGİONLAR
Sabirabadda “Əylənək, öyrənək, dincələk” adlı yay məktəbi fəaliyyətə başlayıb
Sabirabad, 2 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda “Əylənək, öyrənək, dincələk” devizi ilə fəaliyyətə başlayan yay məktəbinin açılış mərasimi keçirilib.
Sabirabad Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yay məktəbinin məqsədi məktəblilərin yay tətilini səmərəli keçirməsinin istiqamətləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunun inkişafı, mədəni və intellektual səviyyəsinin formalaşması, mütaliə vərdişlərinin aşılanması, nitqin inkişafı, dərsliklərin təkrar olunmasından ibarətdir.
Tədbiri Hacıqabul rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Dövran Həsənov açıb, yay məktəbinin üzvlərinə uğurlar arzulayıb.
Sonra yay məktəbinin iştirakçıları musiqi nömrələri ilə çıxış ediblər.
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, təşkilatçılara minnətdarlığını bildirib, kitabxanalarda bu və digər layihələrin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıb.
Sonda xatirə şəkilləri çəkilib.