REGİONLAR
Sabirabadda “Azərbaycanın memarı” adlı yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib
Sabirabad, 11 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Gənc nəslə Heydər Əliyev irsinin, onun Azərbaycan tarixində müstəsna xidmətlərinin geniş təbliğ olunması, həmçinin region gənclərinin yaradıcı qabiliyyətlərinin aşkarlanması və fərdi potensiallarının inkişaf etdirilməsi məqsədilə 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil olunan “Azərbaycanın memarı” adlı regional yaradıcılıq müsabiqəsi yekunlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən final mərhələsində müsabiqənin rayon (şəhər) mərhələsinin qalibləri iştirak edib. Şeir və musiqi nominasiyaları üzrə təşkil edilən müsabiqənin qalibləri idarə tərəfindən hər iki sənət sahəsi üzrə nəzərdə tutulan mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib.
Müsabiqənin sonunda Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışının Azərbaycan mədəniyyətinin də tərəqqisinə təkan verdiyini deyib. O, Ulu Öndərin hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxladığını qeyd edib və Milli Qurtuluş Günü ilə əlaqədar təşkil edilən müsabiqədə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.
Daha sonra qaliblər fəxri fərman və hədiyyələrlə, digər iştirakçılar isə şəhadətnamələrlə təltif olunub.