MƏDƏNİYYƏT
Sabirabadda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan sərgi açılıb
Bakı, 7 fevral, AZƏRTAC
Sabirabad Rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdlərinin Milli Qəhrəmanı təsvir edən rəsm əsərləri, həmçinin Mübariz İbrahimovun şərəfli ömür yolundan bəhs edən kitablar, məqalələr, həyatının müxtəlif vaxtlarında çəkdirdiyi fotolar nümayiş olunub.
Sərginin açılışında Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Aynur İsmayılova çıxış edərək Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi misilsiz fədakarlıq və şücaətdən danışıb. O, Milli Qəhrəmanımızın müqəddəs amal uğrunda dönməz iradəsinin gənclərimiz üçün örnək ola biləcəyini qeyd edib.
Daha sonra çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Mirtale Ağazadə Mübariz İbrahimovun misilsiz qəhrəmanlığının onların hər biri üçün əsl vətənpərvərlik və cəsarət nümunəsi olduğunu bildirib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.