REGİONLAR
Sabirabadda Ulu Öndərin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Sabirabad, 7 may, Aydın Yavərzadə, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsi könüllülərinin iştirakı ilə silsilə tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mədəniyyət könüllüləri əvvəlcə Ulu Öndərin əziz xatirəsini yad edərək, onun Sabirabad rayonunun mərkəzi meydanında yerləşən abidəsi önünə gül dəstələri düzüblər.
Daha sonra Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin regiona səfərlərini özündə əks etdirən fotoşəkillərdən, səfər çərçivəsində söylədiyi nitqin audio yazılarından ibarət “Sənə min bir məhəbbət...” adlı videoçarxın təqdimatı keçirilib.
Təqdimatda Sabirabad Regional Mədəniyyət İdarəsinin, Sabirabad rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, həmçinin mədəniyyət könüllüləri iştirak ediblər. Videoçarxın təqdimatından sonra Ümummilli Liderin zəngin irsi ilə yaxından tanış olmaq məqsədilə mədəniyyət könüllülərinin Sabirabad rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiya çərçivəsində iştirakçılara Mərkəz barədə ətraflı məlumat verilib və onlar dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.