REGİONLAR
Sabirabadda altı məcburi köçkün ailəsi ipəkqurdu bəsləyir
Sabirabad, 25 may, Mahir Babayev, AZƏRTAC
Sabirabadda zəngilanlı məcburi köçkün üçün salınmış qəsəbədə altı ailə uzun illərdən sonra yenidən ipəkqurdu bəsləməyə başlayıb.
Prezident İlham Əliyevin ölkədə barama istehsalının artırılması ilə bağlı verdiyi tapışırıq və tövsiyələr, imzaladığı sərəncamlar uzun illər bu sahə ilə məşğul olan zəngilanlı kümçülərin də ürəyincə olub. Ölkəmizdə bu ənənəvi sahənin dirçəlməsində iştirak edən ölkə kümçüləri kimi, zəngilanlı baramaçılar da bu sahənin inkişafında yaxından iştirak etmək üçün əlaqədar təşkilatlara müraciət edib, ipəkqurdu bəsləmək arzusunda olduğunu bildiriblər.
Zəngilan Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Möhübbət Səmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, vaxtilə baramaçılıq Zəngilanda əsas təsərrüfat sahələrindən biri olub. Erməni hərbi birləşmələri tərəfindən işğal olunanadək Zəngilanda hər il 18-20 ton barama istehsal olunurdu. Rayonda ipəkqurdu bəslənilməsində zəngin təcrübəsi olan çox sayda kümçü var. Onlar bu gün də ipəkqurdu bəsləmək arzusundadırlar. Baramaçıların istəyini nəzərə alaraq 3 il bundan əvvəl qəsəbəyə yaxın ərazidə 5 hektar sahədə 15 min tut tingi əkilib. Bu mövsüm artıq altı ailənin hər biri 2 qutu (38 qram) toxum götürərək bu çəkillərin yarpağı ilə ipəkqurdu bəsləyir.
İdarə rəisinin sözlərinə görə, ötən il qəsəbədə yaşayan bir ailə ipəkqurdu bəsləyib və 65 kiloqram məhsul tədarük edib. Bu il isə onların sayı altıya çatıb.
Təcrübəli kümçü Vüsal Şahəliyev bildirib ki, uzun illər barama istehsalı ilə məşğul olub. Bu sahədə zəngin təcrübəsi var. O deyib: “Zəngilanda yaşadığımız illərdə ailə üzvlərimlə birlikdə hər il 750-800 kiloqram barama istehsal edirdik. Nəhayət, 25 ildən sonra yenidən bu sahə ilə məşğul olmağa başlamışam. Bu mövsüm iki qutu (38 qram) toxum bəsləyirəm və yaxşı nəticə əldə etmişəm. Artıq bəsləmənin son mərhələsindəyik. Bir neçə gündən sonra məhsul tədarükünə başlayacağıq.
Kümçü onu da qeyd edib ki, qəsəbədə yaşayanlar arasında ipəkqurdu bəsləmək arzusunda olanların sayı çoxdur. Əgər yemlə bağlı bəzi çətinliklər aradan qaldırılsa, daha çox ailə barama istehsalına cəlb edilər.