REGİONLAR
Sabirabadda barama tədarükü başa çatıb
Sabirabad, 27 iyun, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Sabirabadda uğurla icra olunur.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il rayonda 5 ton 34 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 14 ton məhsul istehsal etmək nəzərdə tutulub və bunun üçün kümçülərə 338 qutu (6422 qram) ipəkqurdu toxumu paylanılıb.
Dövlətin bu sahənin inkişafı üçün göstərdiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiya rayonda bu sahəyə olan marağı artırıb. Ötən il rayon üzrə 56 ailə barama istehsalı ilə məşğul olmuşdursa, bu mövsüm 169 kümçü ilə müqavilə bağlanılıb və onlara ödənişsiz olaraq ipəkqurdu toxumu paylanılıb.
Artıq rayonda barama tədarükü başa çatıb. Qısa müddətdə “Azəripək” MMC-yə 14 ton 126 kiloqram barama satılıb ki, bu da nəzərdə tutulduğundan 126 kiloqram çoxdur. Məhsul tədarükündə rayonun Nizami, Şəhriyar və Qaralar kəndlərinin kümçüləri fərqləniblər. Ən çox məhsul istehsal edən isə Nizami kəndinin kümçüləri olub. Rayon üzrə istehsal olunan 14 ton 126 kiloqram məhsulun 2 ton 177 kiloqramını bu kəndin baramaçıları istehsal edib.