REGİONLAR


Sabirabadda heyvandarlıq məhsullarının istehsalı artıb

Sabirabad, 25 avqust, Mahir Babayev, AZƏRTAC

Kənd təsərrüfatı rayonu olan Sabirabadda heyvandarlıq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda bu sahəni müasir texnologiyalar əsasında inkişaf etdirmək məqsədilə son illər bir sıra mühüm tədbirlər həyata keçirilib, Bulaqlı, Nərimankənd, Surra və digər kəndlərdə heyvandarlıq kompleksləri tikilib, iri heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılıb. Görülən işlər nəticəsində rayonda iribuynuzlu mal-qaranın baş sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 845 baş artaraq 121 min 884 başa, qoyun-keçilərin sayı isə 4 min 26 baş artaraq 230 min 244 başa çatıb. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin ötən ayları ərzində rayonda ət istehsalı 9 min 120 ton diri çəkidə, süd istehsalı 59 min 29 ton, yun istehsalı 589 ton, yumurta istehsalı isə 37 milyon 645 min ədəd olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə ətdən 368, süddən 2 min 426, yundan 24 ton, yumurta istehsalından isə 4 milyon 777 min ədəd çoxdur.

Sabirabadda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilir. Daha məhsuldar olan cins mal-qaranın yetişdirilməsi məqsədilə rayonda 17 süni mayalandırma məntəqəsi yaradılıb. Ötən yeddi ayda iribuynuzlu mal-qaradan süni mayalandırma yolu ilə 3 min 134 baş cins tərkibi yaxşılaşdırılmış bala alınıb. Alınan buzovlara görə maldarlara 313 min 400 manat subsidiya ödənilib.

Qeyd edək ki, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında saxlanılan mal-qaranın 85-90 faizi cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.