REGİONLAR
Sabirabadda heyvandarlıq məhsullarının istehsalı artır
Sabirabad, 22 iyun, Mahir Babayev, AZƏRTAC
Sabirabadda aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə yeni-yeni təsərrüfatlar yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 345 min 645 baş heyvan saxlanılır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 454 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib.
Cari ilin ötən ayları ərzində rayonda 7 min 768 ton ət (diri çəkidə), 50 min 104 ton süd və 596,8 ton yun istehsal edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə istehsal olunan ətdən 28 ton, süddən isə 1163 ton, yundan isə 79 ton çoxdur.