REGİONLAR
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
Sabirabad, 19 noyabr, Mahir Babayev, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sabirabad rayonunun Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 161 fərdi evdən ibarət olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında 10 min 574 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici qoyulub.
Qəsəbəyə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov son illər ölkədə qaz təchizatı sisteminin yenidən qurulduğunu diqqətə çatdırıb, qəsəbə və kəndlərin qazlaşdırılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdən danışıblar. Bildirilib ki, ölkəmizdə məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Qəsəbə sakinləri “mavi yanacaq”la təmin olunduqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda qəsəbəyə təbii qazın verilməsini bildirən rəmzi məşəl yandırılıb.