REGİONLAR
Sabirabadda ötən il sənaye müəssisələrində işləyən işçilərin orta aylıq əməkhaqqı 456,8 manata çatıb
Sabirabad, 6 mart, Mahir Babayev, AZƏRTAC
Sabirabadda 2020-ci ildə istehsalın bütün sahələri üzrə uğurlu nəticələr əldə olunub. Rayonunda ümumi məhsul buraxılışının həcmi 537108,7 manata çatıb. Ümumi məhsul istehsalının həcmi sənaye üzrə 110,7 faiz, kənd təsərrüfatı üzrə 110,3, informasiya və rabitə üzrə 112,9 faiz, pərakəndə əmtəə dövriyyəsi üzrə isə 103,8 faiz yerinə yetirilib.
Bu barədə Sabirabad Rayon Statistika İdarəsinin rəis müavini Rəcəb Azayev AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Bildirilib ki, 2020-сi ildə rayonun sənaye müəssisələrində fiziki şəxslər və ev təsərrüfatları da daxil olmaqla 19141,3 min manatlıq məhsul istehsal edilib. Bu da keçən illə müqayisədə 1911,8 min manat çoxdur. Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun payı 55,2, qeyri-dövlət sektorunun isə 44,8 faiz payı olub.
Ümumi istehsal olmuş məhsulun 7156,9 min manatı və ya 37,4 faizi emal sahəsi, 481,5 min manatlıq və ya 2,5 faizi suyun yığılması və bölüşdürülməsi, 11506,8 min manatı və ya 60,1 faizi elektrik təchizatının, qazın paylanmasının payına düşüb. İl ərzində yüklənmiş malların dəyəri 19145,2 min manat təşkil edib, ilin sonuna hazır məhsul qalığı olmayıb.
Ötən ildə rayonun sənaye müəssisələrində işləyən işçilərin orta siyahı sayı 676 nəfər, hesablanmış əməkhaqqı fondu isə 3452930,4 manat olub ki, bu da keçən illə müqayisədə işçilərin orta sayı 233 nəfər, hesablanmış əməkhaqqı fondu 1579367,7 manat çox olub. 2020-сi ildə rayonun sənaye müəssisələrində işləyən işçilərin orta aylıq əməkhaqqı 456,8 manata çatıb ki, bu da ötən illə müqayisədə 69,2 manat çoxdur.