REGİONLAR
Sabirabadda pambıq tarlalarında becərmə işləri aparılır FOTO VİDEO
Sabirabad, 17 may, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda pambıq tarlalarının kultivasiyasına başlanılıb. Becərmə işləri ilə bərabər ziyanvericilərə qarşı tədbirlər də görülür. Həmçinin sahələrə becərmə işi üçün yeni tipli rotorlu kultivator da cəlb edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad rayonunda pambıq əkinlərinin becərilməsi işləri davam edir. Aqrotexniki qaydalara uyğun olaraq sahələrdə birinci kultivasiya işləri görülür. Rayon üzrə ənənəvi əkinlə paralel olaraq, qoşa cərgə üsulu da tətbiq olunub. Həmçinin sahələrə yeni tipli kultivator da cəlb edilib. Rayonun Zəngənə kəndindən olan fermer Əfras Əsgərov bildirib ki, ölkəmizdə pambıqçılığın prioritet sahə elan olunması “ağ qızıl”ın şöhrətini yenidən özünə qaytarıb. Bu sahəyə dövlət dəstəyinin göstərilməsi isə tarlaların genişlənməsinə imkan verdi. Eyni zamanda pambığın alış qiyməti, gübrə təminatı, yeni texnikaların cəlb edilməsi yüksək məhsul götürməyə imkan verir. Hazırda pambıq tarlalarında birinci becərmə işləri ilə bərabər, ziyanvericilərə qarşı mübarizə tədbirləri də görülür. Aqrotexniki qaydalara uyğun olaraq sahələr çiləyici aqreqatlarla dərmanlanır.
Ötən il pambıqçılıqdan yüksək qazanc əldə edən fermerlərdən biri də Cavad kənd sakini Xosrov Cəfərovdur. O, ötən il 40 hektar sahədən 170 tondan çox məhsul təhvil verib. Cari ildə də eyni sahə də pambıq əkən fermerin hədəfi 200 tondan çox məhsul tədarük etməkdir.
Sabirabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubovun sözlərinə görə, cari il rayonda 11 min hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulub. Artıq 10 min hektar ərazidə səpin işləri yekunlaşıb. Çıxış əldə olunan sahələr isə nəzarətdə saxlanılaraq həmin ərazilərdə lazımi tədbirlər yerinə yetirilir. Mütəxəssislər tərəfindən sahələrdə monitorinqlər aparılır. Son günlər yağıntılı havalar nəticəsində artan ziyanvericilərə qarşı mübarizə tədbirləri də görülür. Bu il rayon üzrə əkilən pambıq tarlalarından hər hektara 32-33 sentner məhsul götürülməsi nəzərdə tutulur.