CƏMİYYƏT
Sabirabadda qanunsuz fəaliyyət göstərən baytarlıq apteki aşkar olunub
Bakı, 19 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sabirabad şəhəri, V. Əhmədov küçəsində Quliyev Əlikram Əlibala oğluna məxsus baytarlıq aptekində yoxlama aparılıb.
Yoxlama zamanı aptekin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, satışı həyata keçirilən son istifadə müddəti bitmiş baytarlıq preparatları, həmçinin xüsusi temperatur rejimində saxlanılması tələb olunan vaksinlərin və bioloji stimulyatorların temperatur rejiminə əməl edilmədən saxlanıldığı aşkarlanıb.
Aşkar edilmiş faktla bağlı aptek rəhbəri inzibati məsuliyyətə cəlb olunub, son istifadə tarixi bitmiş baytarlıq preparatları satışdan kənarlaşdırılaraq müvəqqəti saxlanca verilib.
Araşdırmalar davam etdirilir.