CƏMİYYƏT


Sabirabadda səyyar seminar keçirilib

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad rayonunda səyyar seminar keçirilib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycanın təcrübəsi” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının müstəqilliyini əldə etdikdən sonra qısa dönəmdə inklüziv və davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olduğunu, beynəlxalq qurumlar və müstəqil ekspertlərin sənədlərinin bu faktı aşkar təsdiqlədiyini vurğulayıb. Məruzədə beynəlxalq təşkilatlar tərəfindən 2017-2018-ci illərdə dərc edilmiş rəsmi statistik bilgilər təhlil olunub. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə, müasir Azərbaycan Respublikasının hazırda yüz illik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumunda olduğu diqqətə çatdırılıb. Seminar iştirakçıları Azərbaycanda tətbiq edilən və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, komplimentar və kompensasion texnologiyaların mahiyyəti barədə məlumatlandırılıblar. Sözügedən texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, məhz dövlət başçısının tətbiq etdiyi idarəçilik texnologiyaları nəticəsində 2018-ci ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumunun hesabatında inklüziv inkişaf indeksinə görə, Azərbaycan dünyada üçüncü yerdə qərarlaşaraq iqtisadi imkanları daha yüksək olan, sırasında inkişaf etmiş Avropa İttifaqı dövlətləri də daxil olmaqla ölkələrin çoxunu geridə qoyub. Həmçinin bənzər təqdirəlayiq nəticələrin ölkənin səmərəli idarə olunması və iqtisadi imkanlardan maksimum istifadə edilməsindən xəbər verdiyi xüsusi vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, millət vəkili, professor Elman Nəsirov “Dünyada və bölgədə yeni təhlükəsizlik mühitinin formalaşmasına Azərbaycan Respublikasının töhfəsi” mövzusunda məruzəsində ölkənin işğalçılıq siyasətinin qurbanı olmasına baxmayaraq bölgədə və bütünlükdə dünyada təhlükəsizliyin etibarlı təminatına yönəlik siyasət yeritdiyinə diqqət çəkib. Vurğulanıb ki, hazırda müstəqil Azərbaycan özünün sülhpərvər mövqeyi, qonşu, region və bütövlükdə əməkdaşlığa meyilli olan bütün dövlətlərlə etibarlı əlaqələrinin səviyyəsi, həmçinin yüksək siyasi, iqtisadi inkişaf potensialı ilə dünya dövlətləri arasında rəğbət və dəstək qazanmaqda davam edir və tərkib hissəsi olduğu regionun stabil inkişafı və təhlükəsizliyinin təminatında üzərinə düşən rolu uğurla yerinə yetirir.

“Dövlət qulluğunda innovasiyaların yeni mərhələsi” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli nüvəsinin dövlət qulluğu olduğu dövlət idarəçiliyində innovasiyaların tətbiqinin yeni dövlətçiliyin inkişafı strategiyası ilə bağlılığından bəhs edib. Qeyd edilib ki, hazırda ölkəmizdə innovasiyaların tətbiqi gedişində səmərəli texnologiyaların, təşkilati formaların, potensial uğurlu layihələrin, innovativ idarəetmə alətlərinin seçiminə xüsusi diqqət yetirilir. Həmçinin Azərbaycanda dövlət qulluqçularının fəaliyyətinin ölkənin inkişafında, vətəndaşların rifahının yüksəlməsində təzahür tapdığı vurğulanıb. Eyni zamanda, bildirilib ki, dövlət qulluğunun təşkili çərçivəsində reallaşdırılan əsaslı dəyişikliklər, tətbiq edilən yeni innovativ yanaşma və təşəbbüslər bu institutun nüfuzunun daha da artmasına imkan yaradacaq və Azərbaycanın yeni uğurlarına qapı açacaq.

Sonda iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.