Sabirabadda soğan sahələrindən 5 min tona yaxın məhsul yığılıb
AzerTAg.az

Sabirabad, 29 iyul, Mahir Babayev, AZƏRTAC
Sabirabadda soğan yığımı yekunlaşmaq üzrədir. Məhsul istehsalçıları bu günədək 336 hektar soğan sahəsinin məhsulunu toplayıblar ki, bu da ümumi sahənin 87 faizini təşkil edir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, sabirabadlı əkinçilər erkən yazda 8794 hektar sahədə tərəvəz əkiblər. Bunun da 382 hektarını soğan bitkisi təşkil edir. Yığıma mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə 336 hektar sahədən 4 min 905 ton soğan toplayıblar. Hər hektarın məhsuldarlığı 146 sentner olub.
Soğan əkini ilə ən çox rayonun Muğangəncə, Moranlı və Nizamikənd kəndlərinin əkinçiləri məşğul olur. Moranlı kənd sakini Müzəffər Qasımov bu mövsüm 2 hektar sahədə soğan becərib. Məhsul istehsalçısı artıq yığımı başa çatdırıb. “Becərdiyim sahənin hər hektarından 147 sentner məhsul götürməklə 29 tondan çox soğan toplamışam. Artıq məhsulun yarıdan çoxunu satmışam. Qazancım məni qane edir. Növbəti ildə əkin sahəsini genişləndirərək 2,5 - 3 hektara çatdırmaq fikrindəyəm”, - deyə əkinçi bildirib.
Xəbərin mətnində orfoqrafik səhv var